Əxlaq nədir və onun ontoloji (varlıq) şərtləri hansılardır? Əxlaq
endogen yoxsa ekzogen prosesdir? Digər bir ifadə ilə əxlaq
"insan"ın daxili özünü idarə
etmə istəyinin səbəbidir (endogen) yoxsa xarici (ilahi) varlıq tərəfindən göndərilən
idarə etmə mexanizmidir (ekzogen)? Əgər əxlaq ekzogendirsə o zaman bu barədə
dünyəvi bir sual qalmır və yalnız ilahi hikməti öyrənməklə biz əxlaq
sistemimizi təyin edə bilərik. Əgər əxlaq endogen (özü özlüyündə var olan)
hadisədirsə o zaman, əxlaq sisteminin ilkin quruluş şərtlərini müəyyənləşdirə,
modelləşdirə və təkmilləşdirə bilərik.
İlk öncə əxlaqa tərif verək. Əxlaq, insanlar arasında maddi və qeyri
maddi rifahın (xoşbəxtliyin) yüksəldilməsinə xidmət edən dəyərlər çoxluğudur.
Bu çoxluğa daxil olan elementlərin (dəyərlərin) sayı birdən sonsuza kimi ola
bilər. Bəs bu dəyərlər çoxluğu necə formalaşır?
Bir nəfərdən ibarət utopik cəmiyyət, məsələn Robinzon Kruzo (bundan
sonra RB), olduğunu fərz edək və bu bir
nəfərlik cəmiyyət üçün əxlaqın nə demək olduğunu bir anlıq düşünməyə çalışın.
Bu şəxsdə sevgi, şəfqət, mərhəmət, ehtiras hislərinin yaranmasını və xüsusən ədalətli
olmasını gözləmək məntiqlidirmi? İkinci bir insan olmadığı təqdirdə kimə qarşı ədalətli
olmalıdır, şəfqəti kimə göstərməlidir, davranışlarının pis və yaxşı olmasını
kim və necə təyin edə bilər?
Ümumiyyətcə, RB-nun hərəkətləri
və hərəkətsizliyi öz mənafeyinə xələl gətirməyəcəyinə görə, onun davranışının
yaxşı və pis olduğunu necə təyin edə bilərik? Verdiyi qərarlar yalnız o halda zərərli
ola bilər ki, RB daha uzun yaşamağa üstünlük versin. Yəni, ən yaxşı halda RB
hadisələrin və ya qərarların yaxşı və pis olmasını nisbi zaman anlayışına görə
təyin edə bilər. Məsələn, əgər verəcəyi iki qərardan hər hansı sabaha (gələcəyə)
yaşamaq ehtimalını azaldırsa o qərar pis hesab edilə bilər.
Yəni, bir nəfərin iştirak etdiyi dünyada yalnız bir nəfərin mövcudluq
problemi vardır. Ona görə də, RB bu dünyada yalnız primitiv (sadə, az sayda) dəyərlərə
sahib ola bilər və bu dəyərlər yalnız özünün möcudluğunun qorunmasına xidmət edəcəkdir.
Məsələn, əldə olan resursları bir günə yox, daha qənaətlə istehlak edərək 10
gün ərzində istehlak etmək.
Əldə olan resursu 10 gün ərzində qənaət edərək istehlak etmək ədalətlidirmi?
RB dünyasında artıq bu sualın mənası və əhəmiyyəti yoxdur, çünki RB-nin istənilən
qərarı özündən başqa heç kim olmayacağına görə ədalətli olacaqdır. Hər bir qərar
ədalətli olacağı üçün, ümumiyyətcə bu söz epistomolojik (nəyisə bildirmək) mənasını
itirməlidir. Digər ifadə ilə, ədalətli və qeyri-ədalətli qərarı bir birindən
ayırmaq mümkün olmayacaqdır.
Suala qayıtdıqda əlbəttəki, cavab bir mənalıdır. İkinci bir şəxs
olmadan "ədalətli olmaq" kimi anlayışın və ya dəyərin mənası yoxdur.
Bu həmçinin digər müsbət saydığımız dəyərlərə də aiddir, məsələn, şəfqətli, mərhəmətli,
qayğıkeş olmaq. Səbəb isə bu dəyərlərin ikinci bir şəxsin olmasını tələb etməsidir.
İndi isə ikinci bir şəxsin olduğunu fərz edək.
Artıq iki nəfərlik dünyada hər bir şəxs öz ehtiyaclarını müəyyən etməli
və ona uyğun resursları bölüşdürməklə razılaşmalıdırlar. Sadəlik üçün fərz edək
ki, bu iki şəxs eyni ehtiyaclara, eyni ömür müddətinə sahibdirlər. O zaman
resurslar onlar arasında bərabər bölüşdürülməlidir. Fərz edilən şərtlər
daxilində resursların "bərabər bölüşdürülməsi"nə biz "ədalətli"
bölgü deyirik. Çünki, resursların "bərabər bölüşdürülməsi" (qeyri-ədalətli)
bölüşdürülməsi isə hər hansı birinin mövcuduğuna xələl gətirə bilər. "Ədalət" sözünün burada onu bildir
ki, bir tərəf qərar verərkən digər tərəfin mövcud statusunu da nəzərə
almalıdır. Digər ifadə ilə alturizm ədalət dəyərinin əsas parametridir. Hər iki
tərəf verdikləri qərarla qarşı tərəfə vura biləcək əzabı özündə də hiss edə
bilmə ehtimalını anladığı üçün ədalətli olmağa meyillənir.
Digər bir tərəfdən fərz etsək ki, bu iki şəxsdə alturizm yoxdur və
yalnız özlərini düşünərək addım atırlar. O zaman hər biri digərinin resurslarıı
öz mənafeyi naminə istismar edəcəyi gözləntisi olacağı üçün bu istismarçılıq hər
dəfə daha sürətli olacaqdır. Resurslar sürətlə istismar ediləcəyindən tez bir zamanda hər ikisinin mövcudluğu təhlükə
altında olacaqdır. Məhz bu səbəbdən, mövcudluqlarını qorumaq üçün bu şəxslər
ortaq dəyərlər formalaşdırmaları daha məntiqli addım olmalıdır. Dəyərlər ümumi
rifaha xidmət etməklə hər birinin yaşam mövcudluğunu təmin edəcəkdir.
İndi isə bu misalı N saydan ibarət
insan və insan qruplarının olduğu cəmiyyətə tətbiq edək. N sayda insan
(və ya qruplar) olduğu təqdirdə bu insanların (qrupların) >>N sayda
münasibətləri və bunlara uyğun dəyərləri formalaşacaq. Bu dəyərlər çoxluğuna
biz Əxlaq deyə bilərik. Digər ifadə ilə qeyd etsək, əxlaq çoxluğunun elementləri
insanlar arasındaki dəyərlərdir. Buna isə
əxlaqın induktiv isbatı deyirik.
0 şərhlər:
Post a Comment