![]() |
| Photo License: Creative Commons |
İxtisas seçimi hər bir şəxsin
gələcək həyatının təminatı, daimi gəlir mənbəyi və xoşbəxtliyinin əhəmiyyətli
ünsürlərindən biridir. Bizlər bu qərarı
məktəbi bitirənə yaxın və ortalama olaraq 18 yaşda veririk. Ancaq, 18
yaşlı gəncin bütün ömrünə təsir edəcək bu qərarın nə qədər düzgün və optimal
olacağı şübhəlidir. Çünki, 18 yaşlı gənc hansı ixtisasın nə üçün lazım
olduğunu, öz potensialının hansı ixtisasa uyğun olduğunu müəyyənləşdirmək üçün
məlumatsız və təcrübəsiz ola bilər.
Aydındır ki, bu məlumatsızlığı
ailə üzvləri, dostlar və yaxın ətraf doldurmağa çalışır. Ancaq, təcrübə göstərir ki, “həyat təcrübəsi” olmasına baxmayaraq, yaxın
çevrə ixtisaslar barədə təkmil məlumata sahib deyillər. Çox təəsüf ki, bir çox
halda hərkəs öz ala-yarımçıq bilgilərini
şagirdə yeritməyə çalışır və hətta valideyn özünün sevdiyi ixtisası seçməsi
üçün övladına təzyiq göstərir . Bir mənalıdır ki, insan öz gələcəyini bəxtə-xuda,
ala-yarımçıq məlumat və kiminsə arzu və istəkləri əsasında qurmamalıdır.
Problem düşünürəm ki, hər kəsə aydındır. Abituriyentin önünə seçim
üçün o qədər ixtisas adları qoyurlar ki, zavallı məktəblinin bütün bu
ixtisasların hər birinin nə olduğunu, gələcəkdə hansı iş imkanlarınını vəəd
etdiyini və özünü hansı ixtisasda təstiqlədə biləcəyini görməsi və bilməsi
mümkün deyil. Məsələn, birinci və ikinci ixtisas qrupları üzrə təxminən 40-dan
çox ixtisas növü var, üçüncü qrup üzrə isə bu daha çoxdur. Seçim etmək bu halda
yalnız şagird üçün deyil, həmçinin yaxın çevrəsi üçün belə çox çətindir.
Bu məsələ hansı problemlərə gətirir? Bəxt və təsadüfi məlumatlara əsaslanaraq
universitetə daxil olan şagird öz bilik və bacarıqlarına görə oxumadığı üçün
universiteti bitirdikdən sonra “mənim istədiyim ixtisas bu deyildi” olduğunu kəşf
edəcək və yenidən özünü tapmağa çalışacaqdır. Bunun üçün əlavə vaxt və pul sərf
edəcəkdir. Bu isə insan üçün xoşbəxtliyinin tapa bilməməsi, ölkə iqtisadiyyatı
üçün isə israf olunan resurs və səmərəsiz əmək deməkdir.
Əməyin səmərəsiz istifadə olunması iqtisadiyyatımızın səmərəsizliyinə
gətirəcəkdir, necə ki gətirir. Əmək bazarında öz ixtisası ilə işləməyənlərin nə
qədər çoxluq təşkil etdiyini yəqin ki, yaxın qohum-dost ətrafından bilirik.
Xarici dillər universitetində 4 il zaman sərf edib daha sonra yalnız 2-3 ay təlim
tələb edən əməliyyatçı vəzifəsində çalışanlar və ya mühəndislik ixtisasını
bitirib sonda mühasib kimi çalışanlar yetəri qədər çoxdur.
Digər bir problem isə bundan ibarətdir ki, universtitetdə oxuyan tələbə
yalnış qərar vediyini anlasa belə ixtisasını dəyişmək ixtidarında olmur. Bunun
üçün tələbə yenidən abuturiyent olub imtahan verməli və istədiyi ixtisası seçməlidir.
Buna isə tələbələr getmir. Çünki, bəziləri bunu vaxt itkisi, digərləri isə
ictimai qınaq səbəbi ilə etmir.
Bəs bu problem necə həll edilə bilər? Fikrimcə, abuturiyentə
universitetə daxil olması üçün müxtəlif ixtisaslarda özünü sınaması üçün şans
verilməlidir. Burada iki variant mümkündür. Birinci də , şagird ya ümumi
ixtisas qrupuna daxil ola bilər, digər variantda isə universitetin özünə daxil
olur və oxuya-oxuya ixtisas seçir. Birinci variantda nümunə kimi deyilə bilər
ki, şagird (məsələn) ümumi iqtisadiyyat
fakultəsinə daxil olur və daha sonra yuxarı kurslara qalxdıqca anladığı və
özünü gördüyü (iqtisadiyyatın) istiqamət üzrə ixtisaslaşa bilər. İxtisas seçimləri
müxtəlif, məsələn, tələbənin giriş balı, ilk iki ildə orta balı və sair
meyarlara görə aparıla bilər.
İkinci variantda isə abiturient oxumaq üçün ixtisası deyil,
universiteti seçir. Universitetin birinci və ikinci ilində tələbə bilogiya,
tarix, musiqi, fizika və ya istədiyi ixtiyari dərsi götürə bilər. Bununla tələbəyə
özünün bacarıq və potensialını müəyyənləşdirə və buna uyğun ixtisas seçmək üçün imkan verilir. Növbəti, 3
və 4-cü kurslarda isə tələbə artıq ixtisaslaşmaq üçün müəyyən istiqamətdə dərslər
götürməlidir. İxtisas sahibi olmaq üçün müəyyən edilmiş akademik saat hesabını
tamamladıqdan sonra univesitet tələbəyə
bu ixtisas üzrə diplom verir. Ancaq, iş bununla bitmir, tələbə yalnız bir
deyil, (yetəri akademik saatı bitirərsə) iki, üç və hətta 4 ixtisas üzrə
universiteti bitirə və diplom ala bilər. Bu təcrübə artıq ABŞ, Avropa, Şərqi
Asiya ölkələrində mövcuddur.
Bu təcrübədə bakalvr təhsil pilləsi ixtisaslaşma üzrə birinci (major) və ikinci (minor) dərəcəli
olaraq ikiyə bölünür. Birinci dərəcəli (əsas) ixtisas üzrə bitirmək üçün gərək
tələbənin yetər sayda dərs yükü olsun. Əsas ixtisas üzrə yetər sayda akademik
saatı tamamladıqdan sonra tələbə 1-3 istiqamətdə əsas ixtisas diplomu ala bilər.
Digər yandan, tələbə ikinci dərəcəli ixtisas yəni, minor ala bilər. Adətən
minor əsas ixtisas seçiminə tamamlayıcı ixtisas olur və dərs yükü əsas ixtisas
yükündən daha az olur.
Dünya səbəbsiz yerə təhsil sistemini bu istiqamətdə adaptasiya etməyib.
Dünya iqtisadiyyatı öz strukturunu sürətlə dəyişməkdə və bu dəyişiklik yeni əmək
bacarıqları tələb etməkdədir. Bu halda bizə bu dəyişikliklərə çevik şəkildə
adaptasiya ola biləcək geniş imkanlı əmək
bacarıqları tələb olunacaq. Təsəvvür edin, 2-3 ixtisas üzrə bitirən tələbə əmək
bazarına bir neçə əmək bacarığı ilə daxil olur. Beləliklə, onun həm iş tapmaq
imkanları genişlənir, həm əmək məhsuldarlığı və yenilikçiliyi yüksəlir. Ən əsası
isə həyatdan məmnuniyyəti artıra və
özünü xoşbəxt hiss etməsinə vəsilə ola bilər.
Bu istiqamətdə əslində müəyyən addımlar atılmışdır. Azərbaycan
2005-ci ildə Avropa İnteqrasiyası çərçivəsində
Bergen (Norveç) şəhərində baş tutan Vahid Avropa Yüksək Təhsil Sahəsinin
yaradılması istiqamətində təşkil edilmiş 4-cü konfransda deklarasiyaya
qoşulmuşdur. Bu deklarasiyaya görə üzv ölkələr, həmçinin Azərbaycan 2010-cu ilə
qədər milli təhsil sistemlərini Bolonya bəyannaməsinin əsas müddəalarına uyğun
olaraq dəyişdirmək kimi öhdəçilik
götürmüşlər. Ancaq, təəsüflə qeyd edilməlidir ki, pratikada bir çox çətinliklər
(bürokratik əngəllər, müəllim çatışmazlığı, ali təhsil siyasətində
sinergetikanın pozulması və sair əngəllər) Bolonya prosesinin imkanlarından
faydalanmağa icazə vermir.
Şagirdin düzgün ixtisas seçimi zahirən çox kiçik problem kimi görsənsə
də, bu məsələnin çox sayda spiralvari problemlər gətirə biləcəyini yuxarıda
izah etməyə çalışdıq. Bu problemlər əməyin düzgün istifadə edilməməsi, səmərəsiz
əmək bazarının formalaşması, bunun nəticəsində iqtisadiyyatın səmərəliliyininin
azalması və ən vacibi insanın xoşbəxt olmasına mane olması və sair kimi
sadalana bilər. Demək ki, ixtisas seçiminin düzgün edilməsi sadalanan problemlərin
həllinə müəyyən qədər yardımçı ola bilər.
Sonda yazını Mark Tvenin “Kapitan Stormfildin Cənnətə ziyarəti” hekayəsindən
maraqlı bir parça ilə yekunlaşdıraq. O biri dünyaya düşən Kapitan Stromfild cənnət
nəzarətçisindən ona dünyanın ən güclü ordu sərkərdəsini göstərməsini xahiş
edir. Nəzarətçi isə kapitanı divar dibində oturan bir pinəçinin yanına aparır və
deyir ki, “bax Allah bu adamı ən böyük sərkərdə kimi yaratmışdır, lakin sizin
dünyada ona heç bir qiymət verilmədiyi üçün bu yazığa heç bir bölməyə
komandirlik etmək müyəssər olmamışdır. Çünki o, ömür yolunu düzgün seçməmişdir“.

0 şərhlər:
Post a Comment