Wednesday, October 18, 2017

,

Beynin optimistik süzgəci və xoşbəxtlik

Təsəvvür edin ki, keçmişdə baş vermiş bütün xoş olmayan hadisələri hər gün və hətta hər saat xatırlayırsınız. Həmçinin təsəvvür edin ki,  cari və gələcək dövrdə həyatımıza təhlükə törədə biləcək bütün hadisələrin ehtimalı bizi narahat edir. Çox güman ki, bunları düşünmək insana xoşbəxtlik və həyat optimizmi gətirməyəcək.  Beynimiz möcüzəvi şəkildə təbii süzgəc rolunu oynayaraq keçmişin mənfi qalıqlarını və gələcəyin mənfi hadisələrini filterləyib bizə həyat optimizmi qatır.

Təbii süzgəc təkamülcü bir xassəyə sahib olmaqla insanın həyatda qalmaq mübarizəsində əhəmiyyətli rola sahibdir. Universitetin birinci ilində imtahandan kəsildiyinizi, dəfələrlə işə qəbul zamanı imtina cavabı aldığınızı və uğursuz eşq hekayələrinin sizi izlədiyini düşünün. İnsan beyninin süzgəc xüsusiyyəti insanın optimizə söykənərək həyat eşqiylə yaşaması üçün bu mənfi hadisələri xatirəsindən silib atmağa kömək edir.  Bunu daha yaxşı edə bilən insanlar digərlərindən daha uzun müddət və xoşbəxt yaşamağa üstünlük qazanırlar.

Digər ifadə ilə təbii süzgəc xoşbəxtliyimizin əsas aləti kimi düşünə bilərik.  Bu alətin işləyişində hər hansı nasazlıq yaranarsa xoşbəxtliyimiz də müəyyən mənada təhrif edilmiş olacaqdır.  Düşünürük ki, xoşbəxtlik ani yəni, diskret bir prosesdir. Yəni, rastlaşdığımız hadisələr müəyyən diskret bir zaman dilimində bizdə müsbət və mənfi təəsüratlar yaradır. Bu təəsüratların özləri də müyyən diskret zamanda davam edir. Bu (hər iki) anlardan hər hansınınsa sayı digərindən kifayət qədər çox olduqda insan özünü daim xoşbəxt və ya bədbəxt hesab edir.  Texniki dildə desək insanın daimi xoşbəxtliyi məqsəd funsksiyasının kəsilməzlik illuziyasıdır. Xoşbəxtliyin daimiliyi (kəsilməzliyi) sadəcə psixoloji illuziyadır. Süzgəci daha təkmil olan insanlar xoş anlarının sayını maksimallaşdırmaqla özünü daim xobəxt hiss etdirə bilər.

Mürəkkəb məsələləri həll etməsinə baxmayaraq təbii süzgəcin  işləyə mexanizmi bəsitdir. Belə ki, insan beyni hər bir anın yaratdığı töhfəyə (təsirinə) görə müəyyən çəki (yəni, önəm) verir . Adətən filter ən yaxın anların təsirini daha çox hiss etdikləri üçün yaxın zamandakı anlara daha çox, zamanla geridə qalan anlara isə daha az çəki verir. Yəni, çox böyük ehtimalla insan 10 il əvvəlki hadisəyə daha az önəm verəcək və bugün və ya yaxın keçmişdə baş verən hadisəyə isə çox önəm  (çəki) verəcəkdir. Digər ifadə ilə xüsusən, mənfi hadisələr zamanla azalan çəkiyə malikdir.

Ancaq beyin yalnız keçmişdə baş vermiş mənfi hadisələri filterləmir, beyin həmçinin gələcəkdə baş vermə ehtimalı (kiçik olan) olan hadisələri də filterləyir. Məhz, gələcəyi nəzərə alaraq qərarlarını formalaşdırmaq insanın digər canlılardan fərqləndirən (və təkamülçü üstünlük qzandıran) ən səciyyəvi xüsusiyyət olduğu hesab edilir. İndi təsəvvür edin ki, hansısa böcəyin sizi çalmasından xəstəliyə tutulma, yoldan keçərkən ildirım vurma  və sair oxşar sonsuz sayda ehtimalı çox kiçik olan hadisələr sizi narahat edir.  İnsan əgər bu kimi kiçik ehtimallı hadisələrə əhəmiyyət verərsə çox güman ki, daimi gərginlik və qorxu hisləri  insanın yaşamaq sevgisinə  xələl gətirəcəkdir. Bizi yaşamağa stimul verən məhz həyatımıza təhlükə törədən hadisələrin aşağı olma ehtimalı olduğunu düşünməyimizdir. 

Biz adətən yalnız hər hansısa hadisənin baş vermə ehtimalıın yüksəldiyini hiss etdikdə ona qarşı tədbir görməyə çalışırıq. Həyatımızda bütün baş verə biləcək hadisələri nəzəratdə saxlama imkanlarımız ya yoxdur ya da çox məhduddur.  Çox güman buna çalışmaq da heç rasional da deyil.  Siqaret çəkən xərçəng xəstəliyinə tutulma ehtimalının olduğunu bilsə belə, özünün bu xəstəliyə tutulma ehtimalının (digərlərinə nəzərən) çox aşağı olduğunu düşünür. Çünki ona həyat optimizmi verən şey aşağı ehtimallı bir dünyada yaşadığını düşünməsidir.

Sonda yenidən qeyd etsək, insan beyninin təbii süzgəc mexanizmi insanın keçmiş və gələcəyini mənfi hadisələrdən saf-çürük edərək optimistik bir həyat vəəd edir. Bəs əgər süzgəc mexanizmi insanın öz əlində olması (süni süzgəc) və keçmişindən ixtiyari mənfi xatirəni çıxartması onu xoşbəxtliyə yaxınlaşdırarmı? Yoxsa mənfi hadisələrin xatirədə qalması nisbi xoşbəxtliyin əldə edilməsi üçün domain rolunu oynayır? Və bu kimi suallar insan xoşbəxtliyinin maraq doğuran məqamlarına aydınlıq gətirə bilər deyə düşünmək olar.
Share:

0 şərhlər:

Post a Comment