Monday, March 12, 2018

Statik yoxsa dinamik əxlaq


İnsanlar tez-tez milli, dini dəyərlərin və ümumilikdə əxlaqın qorunması barədə mübahisə edirlər. Əsas mübahisə yaradan məqam insanların əzablı və xoşbəxt anlarının sayını təyin edən dəyərlər çoxluğunun təyin edilməsidir. Yəni əxlaq çoxluğuna hansı dəyərlər daxil edilməli və hansılar çıxardılmalıdır.

Həqiqətən mi, dəyərlər sabitdir, zamandan asılı olmayaraq dəyişmir və dəyişməməlidir? 2000 min il bundan əvvəl qəbul edilmiş dəyərlər 21-ci əsrdə dəmi keçərlidir? Bəlkə dəyərlərin müəyyən qismi insan mövcud olduğu müddətcə var olmalı dəyərlərdir və digər dəyərlər isə münasibətlər dəyişdikcə dəyişə bilən dəyərlərdir? Əgər əxlaq dəyişilə biləndirsə,  ixtiyari dəyərin hansı şərt(lər) daxilində əxlaq sistemimizə daxil edilməli və çıxardılmalıdır?  Bu yazıda biz bu suallara cavab tapmağa çalışacağıq.

Əvvəlki yazımızda biz iddia etməyə çalışdıq ki, əxlaq çoxluğunda müəyyənləşdirdiyimiz dəyərlərimiz  məqsəd funskiyasını optimallaşdırılmasında istifadə edilir. Çünki münasibətlərə və hadisələrə olan mövqeyimiz seçdiyimiz əxlaq dəyərlərindən çox asılıdır. Bu seçimlər isə ya xoşbəxt ya da bədbəxt hiss etməyimizə səbəb ola bilər. Bəs hansı dəyərlər bizim məqsəd funksiyamızı optimallaşdırır? Hansı dəyərlər bizə daha çox xoşbəxtlik gətirir?

Sonuncu sual həmçinin bir mənada nəyin yaxşı və pis olmasını təyin edən şərtin (prinsipin) tapılmasıdır. Yəni, ixtiyari dəyər bizim  xoşbəxtliyimizi azaltdıqda biz ona pis dəyərlər, əks halda yaxşı dəyərlər adlandırırıq. Demək ki, məqsəd funksiyası həmçinin əxlaqın demarkasiya (ayıran) prinsipi, yəni yaxşı ilə pis dəyərləri bir birindən ayıran prinsip kimi çıxış edir. İddia edirik ki, əxlaqın demarkasiya prinsipi hər bir fərdin toplumda mövcudluğunun təmin edilməsinə və ümumi rifahın qorunmasına xidmət edən prinsipdir. Demək ki,  hər hansısa dəyər ziyan (xeyir) verdiyi təqdirdə, o dəyər çoxluqdan (əxlaqdan) çıxarılmalıdır (və ya daxil edilməlidir). Əks təqdirdə ziyan vuran dəyər  çoxluqdan çıxarılmırsa o dəyər sistemə qeyri-stabillik və sistemi korlama təhlükəsi yaradacaqdır.

Bu prinsipin zəif tərəfləri nədən ibarətdir. Ola bilsin ki, bəzi dəyərlərin məqsəd funksiyasını optimallaşdırılması uzun sürsün. Qısa zamanda əxlaq dəyərinin dəqiq təsirini müəyyən etmək mümkün olmasın. Hətta, bir insana xoşbəxtlik verə biləcək dəyər digərinə əzab verə bilər. Bu əlaqə uzun müddətli dövrdə də qalır. Qısa müddətli dövrdə faydalı görünə biləcək əxlaq dəyəri uzun müddətli dövrdə zərərli ola bilər. Hətta dəyərlər ola bilər ki, vaxtı ilə şərti ödəsin amma zamanla artıq dəyərin etibarlılığı qüvvədən qalxa bilər. Buna müxtəlif səbəblər ola bilər. Ola bilsin ki, insanlar arasında münasibətə təsir edə biləcək təhlükə ortadan qalxmışdır və vaxtı ilə bu münasibəti qorumaq üçün əlavə edilən dəyər artıq öz funksiyasını yerinə yetirməkdən qüvvədən düşmüşdür. Sadəcə uzun müddət bu dəyər insanlar arasında qaldığından cəmiyyət onu ziyan verdiyi halda belə saxlamaq niyyətində ola bilər. Bu problemlərə cavab bir mənalı deyil.

Dinamizmdə digər narahat edici məqam onun reaktivlikdir, yəni proaktivliyin çatışmazlığı. Yəni hər hansı əxlaqi sistem dinamikliyi özü üçün model hesab edirsə və hədəfləyirsə bu, mövcud mədəniyyətin, inkişafı təlqin edən cəmiyyətlərin kölgəsində assimilyasiyasına gətirib çıxara bilər. Bu halda mədəni və estetik müxtəliflik təhlükədə ola bilər.

Ancaq, elm və fəlsəfə göstərir ki, insan bu dəyərləri zamanın sınağından çıxardaraq seçir və məqsədinə çatmağa çalışır. Yəni, əxlaqə dəyərlərin seçimi təcrübi mahiyyətə malikdir. Əlbəttəki bu düşüncə dünyəvi düşüncəyə xass xarakterdir. Bu düşüncəyə görə dəyərlər müvəqqəti xarakter daşıyır bir zaman kəsiyi üçün keçərli olan dəyər öz əhəmiyyəti itirmə gücünə sahibdir. Əlbəttə ki, elə dəyərlər mövcud ola bilər ki, çox dəyişə və hətta dəyişməyə də bilər. Bəs bu xarakteri təyin edən nədir? Bu xarakteri təcrübə dəyişir. Cəmiyyət zamanla ona ziyan vuran və ya fayda verən dəyərləri gec və ya tez müşahidə edəcək və ən doğru dəyərlər sistemini quracaqdır.  Bir əxlaqi dəyərin faydalılığını biz yalnız elmi fəaliyyətlə müəyyənləşdirə bilərik. Elm həmçinin həqiqətləri üzə çıxartdığı üçün əxlaq dəyərləri də o həqiqətlər ətrafında formalaşacaqdır.

Zaman keçdikcə insan cəmiyyəti çoxalır və təbiətə daha çox adaptasiya olur. Zamanla insanların özləri və təbiət ilə daim dinamik münasibəti mürəkkəb dəyərlər sisteminin formlaşmasna gətirib çıxardığını düşünmək məntiqlidir. Bu prosesdə  o zaman dəyərlərin yenilərinin daxil olması və xaric olması qaçınılmazdır. Çünki, insan cəmiyyəti dinamik struktura sahibdir, təbiət və özü ilə münasibəti dinamik olaraq dəyişməkdədir. Bu yeni münasibətdə yeni dəyərlər yaradılır və çıxardılır. Hansı dəyərlərin daxil edilməsi və ya çıxarılmasının əsas şərti ümumi rifahı qorumaq və yüksəltməkdir.

Dini düşüncəyə görə isə bu dəyərlər sabitdir, dəyişməzdir və ya çox az dəyişəndir.  Çünki, bu dəyərlərin mənbəyi İlahi vəhydir. İlahi ehkamçılığa əsaslanan dəyərlər isə təcrübi sınağa məruz qalmır. Çünki, dini düşüncə sistemində İlahi varlıq mütləqdir və mükəmməliyi tam varlıqdır. Ondan gələn informasiya təcrübəylə yoxlanıla bilməz. Çünki təcrübi yoxlama həqiqiliyi şübhə altına alınan dəyərlərə tətbiq edilir. İlahi vəhylə endirildiyi iddia edilən dəyərlərə isə şübhə olmadığından onlar təcrübəyə məruz qala bilməzlər. Beləliklə, ehkamçı düşüncədə dəyərlərin həqiqiliyi şübhə altına alınsa belə ehkamçılara görə şübhə yaradan məqam İlahi vəhydə deyil, təcrübi üsulda olacaqdır. Bunun özünün həqiqiliyini isə o zaman isbat və ya inkar etmək mümkün deyil. Buradan o zaman fundamental sual yaranır. Əgər insan cəmiyyətində texnologiyanın, münasibətlər sisteminin dəyişdiyini nəzərə alaraq  əxlaq dəyərləri statik saxlayırıqsa bu cəmiyyətin maddi və qeyri-maddi rifahına (xoşbəxtliyinə) xələl gətirərmi? Qısa cavabım, bəli gətirir. Bunun üçün növbəti yazıda entropiya anlayışı ilə tanış olacağıq.


Share:

0 şərhlər:

Post a Comment